“01 iyul 2026-cı il tarixindən etibarən “Nəfəs 360″-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi” layihəsinin icrasına rəsmi olaraq başlanılmışdır.
Layihə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi tərəfindən hazırlanaraq , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən qrant müsabiqəsində qalib olmuşdur və Agentliyin maliyyə dəstəyi hesabına həyata keçirilir.
Layihənin əsas məqsədi Kistoz fibroz xəstəliyi ilə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq, erkən diaqnostikanın əhəmiyyətini təbliğ etmək, pasiyentlərin və onların ailələrinin hüquqlarının müdafiəsinə dəstək vermək, həmçinin ölkənin müxtəlif bölgələrində bu sahədə maarifləndirmə işini gücləndirməkdir.
Layihə çərçivəsində Ağstafa-Qazax ,Cəlilabad, Sumqayıt və Bakı ərazisində silsilə maarifləndirici tədbirlər keçiriləcək. Görüşlərdə səhiyyə işçiləri, ailə həkimləri, tibb bacıları, təhsil müəssisələrinin nümayəndələri, sosial işçilər, gənclər, ictimai fəallar, pasiyentlər və onların ailə üzvləri iştirak edəcəklər.
Tədbirlər zamanı Kistoz fibroz xəstəliyinin erkən əlamətləri, diaqnostikası, müasir müalicə üsulları, reabilitasiya, düzgün qidalanma, fizioterapiyanın əhəmiyyəti, infeksiyalardan qorunma, psixoloji və sosial dəstək, eləcə də pasiyent hüquqları barədə geniş məlumat veriləcək. Eyni zamanda iştirakçılar real pasiyent hekayələri ilə tanış olacaq, onları maraqlandıran sualları mütəxəssislərə ünvanlandırmaq imkanı əldə edəcəklər.
Layihənin mühüm istiqamətlərindən biri də regionlarda yaşayan ailələrin səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasına diqqət çəkməkdir. Erkən diaqnostika, vaxtında müalicəyə başlama, müasir tibbi xidmətlərə əlçatanlıq və multidissiplinar yanaşmanın təşviqi layihənin əsas prioritetləri sırasındadır.
“Nəfəs 360″-Kistoz Fibrozla mübarizədə birlik, dəstək,ümid dairəsi” layihəsi həmçinin cəmiyyətdə nadir xəstəliklərə, xüsusilə də Kistoz fibroza münasibətdə fərqindəliyin artırılmasını, ayrı-seçkiliyin aradan qaldırılmasını və inklüziv cəmiyyətin formalaşdırılması məqsədini daşıyır.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi uzun illərdir ki, Azərbaycanda kistoz fibroz xəstələrinin hüquqlarının müdafiəsi, müasir müalicəyə çıxış imkanlarının genişləndirilməsi, erkən diaqnostikanın təşviqi və ictimai maarifləndirmə istiqamətində ardıcıl fəaliyyət göstərir. “Nəfəs “360”- Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi” layihəsi də bu fəaliyyətlərin davamı olaraq ölkəmizdə kistoz fibroz sahəsində maarifləndirmənin daha da gücləndirilməsinə, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və cəmiyyətin bu xəstəliyə dair həssaslığının artırılmasına mühüm töhfə verəcəkdir.
Birlikdə atılan hər bir addım daha sağlam gələcəyə, daha güclü dəstəyə və daha çox ümidə çevrilir. “Nəfəs 360”-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid dairəsi “layihəsi də məhz bu məqsədlə cəmiyyətin bütün üzvlərini kistik fibrozla mübarizədə həmrəy olmağa və dəstək göstərməyə çağırır.
“.
Layihə rəhbəri Səadət Bayramova .



Leave feedback about this