“Qidalanma Həyatdır” – II Maarifləndirici Təlim-Təqdimat Görüşü keçirilib.

“Qidalanma Həyatdır” – II Maarifləndirici Təlim-Təqdimat Görüşü uğurla başa çatdı

4 iyul 2026-cı il tarixində Nadir Xəstəliklər Təşkilatları İttifaqı və Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Qidalanma Həyatdır: Nadir və xroniki xəstəliklərdə enteral qidalanmanın rolu” mövzusunda II maarifləndirici təlim-təqdimat görüşü uğurla keçirildi.

İyun ayında keçirilmiş ilk təlimdən sonra valideynlər və səhiyyə mütəxəssisləri tərəfindən göstərilən böyük maraq və daxil olan müraciətlər nəzərə alınaraq təşkil edilən bu görüş, bir daha göstərdi ki, nadir və xroniki xəstəliklərdə düzgün qidalanma barədə maarifləndirməyə ciddi ehtiyac var.

Təlimdə Kistoz fibroz, SMA, Fenilketonuriya,Seliakiya , uşaq serebral iflici və digər nadir və xroniki xəstəliklərlə yaşayan uşaqların valideynləri iştirak etdilər. Görüş yalnız bir xəstəliyə deyil, müxtəlif xəstəliklərdə qidalanma dəstəyinin əhəmiyyətinə həsr olundu və bu da iştirakçılar üçün geniş məlumat əldə etmək imkanı yaratdı.

Tədbirin açılışını Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova edərək iştirakçıları salamladı, nadir xəstəliklərlə yaşayan ailələrin gündəlik yaşam mübarizəsində enteral qidalanmanın əhəmiyyətindən, düzgün qidalanmanın müalicə prosesinə və həyat keyfiyyətinə verdiyi töhfədən danışdı. O, bu cür maarifləndirici təşəbbüslərin davamlı olmasının vacibliyini vurğuladı və ailələrin biliklə gücləndirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd etdi.

Təlim çərçivəsində dietoloq Reyhan Cabbarlı enteral qidalanmanın elmi əsasları, düzgün qidalanma strategiyaları və müxtəlif xəstəliklərdə qidalanma dəstəyinin əhəmiyyəti barədə ətraflı təqdimatla çıxış etdi.

Pediatr Nigar Bayramova isə uşaqlarda qidalanma problemləri, xroniki və nadir xəstəliklər zamanı fərdi yanaşmanın vacibliyi, valideynlərin gündəlik qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında geniş məlumat verdi.

Enteral qidalar üzrə mütəxəssis İlqar Kərimov da tədbirdə təqdimatla çıxış edərək, enteral qidaların xüsusiyyətləri, onların nadir və xroniki xəstəliklərdə qidalanma dəstəyində rolu, müxtəlif yaş qrupları üçün istifadəsi haqqında ətraflı təqdimat etmişdir.

Bu görüş bir daha göstərdi ki, nadir və xroniki xəstəliklərdə düzgün qidalanma sadəcə gündəlik ehtiyac deyil, müalicənin, inkişafın və daha keyfiyyətli həyatın mühüm tərkib hissəsidir. Maarifləndirmə isə bu yolda ailələrin ən güclü dayaqlarından biridir.

Bu dəyərli təlimdə iştirak edən bütün valideynlərə, həkimlərə, mütəxəssislərə və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.

Leave feedback about this

  • Rating
X