Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi yaranmasının 8-ci ildönümünü qeyd etdi elmi-tibbi kitabın təqdimatını keçirdi.

Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi yaranmasının 8-ci ildönümünü qeyd etdi və “Sən də Gəl, Sən də Tanı” layihəsi çərçivəsində hazırlanmış elmi-tibbi kitabın təqdimatını keçirdi.

29 sentyabr 2025-ci il tarixində Bakı şəhərində Yeni Klinikanın akt zalında “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin (KİFYİB) 8 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir həm də Birliyin “Sən də Gəl, Sən də Tanı” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Kistik Fibroza Dair” elmi-tibbi kitabının təqdimatı ilə yadda qaldı.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclis üzvləri, səhiyyə mütəxəssisləri, alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri, kistik fibroz xəstələrinin ailələri və bölgələrdən gəlmiş həkimlər iştirak etdilər. Ümumilikdə yüzdən artıq iştirakçı tədbirə qatıldı.Tədbir iştirakçılarına “Kistoz Fibroza Dair” kitabı təqdim olunmuşdur.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi yad olunub.

Çıxış edənlər:

Barat Yusibov – Yeni Klinikanın direktoru

Aynura Zeynalova – Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri

Nuranə Mirzə – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi planlama departamentinin məsləhətçisi

Pərvin Əkbərov – TƏBİBin icraçı direktorunun müşaviri

Səadət Bayramova – KİFYİB-in sədri və layihə rəhbəri

Dr.Erkin Rəhimov -Kifyib həmtəsisçisi, neanotoloq-pediatr , həmmüəllif

Dr.Əkbər Quliyev – neanotologiya şöbəsinin müdiri, həmmüəllif

Dr.Nigar Bayramova -pediatr , həmmüəllif

Rəqsanə Məmmədova – Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri, professor

Cəsarət Hüseynzadə – vətəndaş cəmiyyəti nümayəndəsi və jurnalist.

Açılış nitqi ilə çıxış edən Barat Yusubov təqdim olunan kistik fibroz xəstəliyinə dair elmi-tibbi kitabın təkcə elmi mənbə kimi deyil, eyni zamanda maarifçilik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Yeni Klinikada kistik fibroz xəstəliyinin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmış mərkəzin fəaliyyət göstərdiyini, burada xəstələrə hərtərəfli multidisiplinar yanaşmanın tətbiq olunduğunu vurğulayıb.

Pərvin Əkbərov xəstəliyin vaxtında aşkarlanması və erkən diaqnostikasının son dərəcə vacib olduğunu vurğulayaraq, kistik fibrozdan əziyyət çəkən xəstələrin reabilitasiyasının onların müalicə prosesində mühüm rol oynadığını bildirib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Aynura Zeynalova və İTS-in nümayəndəsi Nurana Mirzə Kistoz fibroz xəstələrinin müayinə və müalicələri üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

KİFYİB-in sədri Səadət Bayramova öz çıxışında Birliyin 8 illik fəaliyyətinə nəzər salaraq, görülmüş işlər barədə ətraflı məlumat verib. O, həmçinin “Kistik Fibroza Dair” kitabının ərsəyə gəlmə prosesindən danışıb və Gəncədə keçirilmiş ilk təqdimat mərasimindən video materialı tədbir iştirakçılarına təqdim edib.

Kitabın həmmüəllifləri – pediatrlar, neonatoloqlar və pulmonoloqlar – öz çıxışlarında Kistoz fibroz xəstəliyinə dair elmi yanaşmalarını, təcrübələrini, qarşılaşdıqları çətinlikləri və pasiyentlər üçün tövsiyələrini bölüşüblər.

Tədbirin sonunda 20 dəqiqəlik müzakirə sessiyası keçirilib.

Bu tədbir bir daha göstərdi ki, KİFYİB 8 illik fəaliyyəti ərzində ölkəmizdə həm xəstələrin, həm ailələrin, həm də səhiyyə mütəxəssislərinin yanında dayanan önəmli bir ictimai platformaya çevrilib.

X