5–7 mart 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində kistoz fibroz sahəsində regionun ən mühüm beynəlxalq tədbirlərindən biri — 13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransı (SEEC 2026) keçirilmişdir.
Konfrans müxtəlif ölkələrdən olan həkimləri, tədqiqatçıları, pasiyent təşkilatlarını və ekspertləri bir araya gətirərək kistoz fibroz üzrə müasir müalicə yanaşmaları, elmi yeniliklər və regional əməkdaşlıq imkanlarının müzakirəsi üçün vacib platforma yaratmışdır.
Tədbir çərçivəsində həm səhiyyə mütəxəssisləri, həm də pasiyent təşkilatları üçün ayrıca sessiyalar və təqdimatlar təşkil olunmuşdur.
Həkimlər üçün klinik təcrübə, müalicə protokolları və yeni terapiyalar barədə təqdimatlar keçirilmiş, pasiyent təşkilatları üçün isə müalicəyə çıxış, pasiyent dəstəyi və beynəlxalq əməkdaşlıq mövzularında müzakirələr aparılmışdır.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi də konfransda fəal iştirak etmişdir. Birliyi sədr Səadət Bayramova, təsisçilər doktor Erkin Rəhimov və Aynur Hümbətova təmsil etmişdir.
Tədbir çərçivəsində nümayəndələrimizin çıxışları da olmuşdur. Çıxışlarda pasiyent və ailələrin baxış bucağından Azərbaycanda kistoz fibroz qayğısının mövcud vəziyyəti, müalicə imkanları və dərman təminatı ilə bağlı mövcud vəziyyət haqqında məlumat verilmişdir.
Konfrans iştirakçılarına iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunmuşdur.
Bu kimi beynəlxalq tədbirlər region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və kistoz fibroz xəstələrinin müalicə imkanlarının yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.














